“Doktrina” mərkəzi ordu ilə bağlı məlumatlandırma layihəsinə start verib

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Müdafiə Nazirliyində və digər güc strukturlarında, o cümlədən Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətində cərəyan edən proseslərlə bağlı ictimaiyyəti məlumatlandırma layihəsinə start verib. Mərkəzin direktoru Cəsur Sümərinlinin verdiyi məlumata görə, 3 aylıq layihə çərçivəsində həftə ərzində adları çəkilən güc strukturlarının müxtəlif idarələrinə, o cümlədən mətbuat xidmətlərinə suallar ünvanlanacaq. Alınmış cavablar isə ictimaiyyətə təqqdim olunacaq.

Mayın 11-də ilk olaraq aşağıdakı 5 sual Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlıya ünvanlanıb:

  1. 2014-cü ilin ötən dövründə Silahlı Qüvvələrdə nə qədər hərbi qulluqçu dünyasını dəyişib? Əsgər ölümlərinə görə necə nəfər hərbi qulluqçu məsuliyyətə cəlb olunub?
  2. 2014-cü ildə Müdafiə Nazirliyində korrupsiya və mənimsəmə cinayətlərinə görə nə qədər hərbi qulluqçu həbs olunub?
  3. İyunun 26-sı – Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının məvaciblərinin artırılması gözlənilirmi? Müdafiə Nazirliyi bununla bağlı hökumətə hər hansı təkliflərini göndəribmi?
  4. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində hansı işlər görülür?
  5. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının 4-cü mərhələsinin nə zaman razılaşdırılması gözlənilir?

“Doktrina” mərkəzi bildirir ki, ayrı-ayrı ictimaiyyət nümayəndələri layihəyə qoşulub öz istədikləri sualları Müdafiə Nazirliyinə göndərmək və cavab almaq imkanı əldə edə bilərlər. Bunun üçün onları maraqlandıran suallarla bağlı doktrina.jham@gmail.com ünvanına yazmaları xahiş olunur.

Xatırladaq ki, “Doktrina” Mərkəzi ilk dəfə bu layihəni keçmiş müdafiə naziri Səfər Əbiyev dövründə – 2012-ci ildə gerçəkləşdirmişdi. O zaman nazirin adına 100-dən artıq sual göndərilmişdi. Amma o zaman Müdafiə Nazirliyi sualların heç birini cavablandırmamışdı. “Doktrina” mərkəzinin əməkdaşları ümid edir ki, bu dəfə Müdafiə Nazirliyi sualları cavablandırmaqda maraqlı olacaq.