Generalın vəzifədən çıxarılmasının səbəbi açıqlandı

Beyləqan Hərbi Birləşməsinin komandiri, general-mayor Ayaz Həsənovun vəzifədən çıxarılmasının səbəbi mayın 15-də onun rəhbərlik etdiyi birləşmədə baş vermiş insidentdir. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbədən məlumat verilib.

Qeyd edək ki, A.Həsənovun vəzifədən çıxarılması barədə məlumatı APA bu gün yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən A.Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.

“Doktrina” JHAM bildirir ki, generalın vəzifədən çıxarılmasına səbəb “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açaraq tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərlini öldürməsidir.

Bu hadisədən sonra müdafiə naziri Zakir Həsənovun dərhal A.Həsənovu vəzifəsinin icrasından çıxarılması barədə göstəriş verdiyi bildirilir.

“Doktrina” JHAM İnformasiya Departamenti