Müdafiə Nazirliyi: “Sənəd layihəsi təsdiqlənmək üçün NATO tərəfinə təqdim olunub”

vaqif-dergahliXəbər verdiyimiz kimi “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Müdafiə Nazirliyində və digər güc strukturlarında, o cümlədən Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətində cərəyan edən proseslərlə bağlı ictimaiyyəti məlumatlandırma layihəsinə start verib. Mərkəzin direktoru Cəsur Sümərinlinin verdiyi məlumata görə, 3 aylıq layihə çərçivəsində həftə ərzində adları çəkilən güc strukturlarının müxtəlif idarələrinə, o cümlədən mətbuat xidmətlərinə suallar ünvanlanacaq. Alınmış cavablar isə ictimaiyyətə təqqdim olunacaq.

Mayın 11-də ilk olaraq 5 sual Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlıya ünvanlanıb. Bu gün, may ayının 16-da V.Dərgahlı sualları cavablandırıb. Həmin sualları və cavabları təqdim edirik.

– 2014-cü ilin ötən dövründə Silahlı Qüvvələrdə nə qədər hərbi qulluqçu dünyasını dəyişib? Əsgər ölümlərinə görə necə nəfər hərbi qulluqçu məsuliyyətə cəlb olunub?

– Müdafiə Nazirliyi tabeliyində olan hərbi hissələrdə baş verən hər bir hadisə ilə bağlı ictimaiyyəti daim məlumatlandırır. Bu məlumatlar kütləvi informasiya vasitələrində öz əksini tapıb.

Sualınızın ikinci hissəsinə gəlincə isə bu məsələ ilə bağlı Respublika Hərbi Prokuroruğuna müraciət etməyiniz tövsiyə olunur.

– 2014-cü ildə Müdafiə Nazirliyində korrupsiya və mənimsəmə cinayətlərinə görə nə qədər hərbi qulluqçu həbs olunub?

– Məslə ilə bağlı Respublika Hərbi Prokuroruğuna müraciət etməyiniz tövsiyə olunur.

– İyunun 26-sı – Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının məvaciblərinin artırılması gözlənilirmi? Müdafiə Nazirliyi bununla bağlı hökumətə hər hansı təkliflərini göndəribmi?

– Hərbi qulluqçuların pul təminatı məsələsi hökumətin səlahiyyətində olduğundan bununla bağlı aidiyyəti olan orqana müraciət etməyiniz tövsiyə edilir.

– Hazırda Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində hansı işlər görülür?

– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir.

Hazırda Azərbaycan Respublikası dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edirlər.

2014-cü ilin yay aylarında NATO-da xidmət edən zabitlərin say tərkibinin artırılması planlaşdırılır.

Azərbaycan-NATO əlaqələrinin əsas istiqamətləri treninqlər və təlimlərin keçirilməsi, NATO standartlarına uyğunlaşmadır.

Bu məqsədlə Azərbaycanda NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə və təhlükəsizlik sektorunda bir sıra islahatlar aparılıb. Silahlı Qüvvələrin Akademiyasında “Müdafiə siyasəti və strategiyası” adlı fənn hazırlanaraq tədrisinə başlanılıb. Silahlı Qüvvələrin NATO qüvvələri ilə uzlaşmasının təmin edilməsi, texniki təkmilləşdirmə, hərbi təhsilin uyğunlaşdırılması, ingilis dili bacarıqlarının artırılması sahəsində də bir sıra nailiyyətlər əldə olunub.

Hərbi təhsil müəssisələrində NATO standartlarının tətbiqinin daha da gücləndirilməsi məqsədilə 2008-2013 illər ərzində Azərbaycanın NATO ilə birgə Təhsil və Tədris üzrə Fəaliyyət Planının işlənilməsi təmin olunmuşdur və onun yerinə yetirilməsi 2014-cü ildə də davam etdirilir.

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycanın Birgə Əməliyyat Qüvvələri (OCC) üçün ayırdığı şəxsi heyətin qiymətləndirilməsi plana uyğun olaraq NATO mütəxəssisləri tərəfindən həyata keçirilir. Cari ilin 5-8 may tarixlərində Qaraheybət Təlim Mərkəzində keçirilən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimi keçirilib. Təlimlərdə 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter iştirak edib. Təlimdə iştirak edən şəxsi heyətin hazırlığı, bilik və bacarığı beynəlxalq müşahidəçilər və NATO ekspertləri tərəfindən yüksək qiymətləndirilib.

Uzunmüddətli olaraq, 2019-cu ilin sonunadək döyüşə dəstək və döyüşə xidmət dəstəyi daxil olmaqla bütöv bir taborun əməliyyatlarda açılması və özünü saxlamaq imkanında olması məqsədi ilə, müvafiq briqadanın təlim və təchizatını başa çatdırılması planlaşdırılır.

– Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının 4-cü mərhələsinin nə zaman razılaşdırılması gözlənilir?

– Müdafiə Nazirliyi FTƏP-in 2005-2007, 2008-2010 və 2011-2013-cü illəri əhatə edən 1-ci, 2-ci və 3-cü mərhələləri müvəffəqiyyətlə yerinə yetirmişdir. FTƏP-in 2014-2015-ci illəri əhatə edən 4-cü mərhələsinin sənəd layihəsi hazırlanaraq təsdiq edilməsi üçün NATO tərəfinə təqdim edilmişdir.

 

Qeyd: “Doktrina” mərkəzi bildirir ki, ayrı-ayrı ictimaiyyət nümayəndələri layihəyə qoşulub öz istədikləri sualları Müdafiə Nazirliyinə göndərmək və cavab almaq imkanı əldə edə bilərlər. Bunun üçün onları maraqlandıran suallarla bağlı doktrina.jham@gmail.com ünvanına yazmaları xahiş olunur.

Bu gün Müdafiə Nazirliyininmətbuatxidmətininrəisipolkovnik-leytenantVaqif Dərgahlıyaşağıdakı növbəti 6 sual təqdim olunub:

  1. Silahlı Qüvvələrdə əsgər intiharlarının sayı kəskin artır. Artıq bu il üçün Müdafiə Nazirliyi sistemində 9 hərbi qulluqçunun intihar etdiyi bildirilir. Bunun qarşısının alınması üçün hansı işlər görülür?
  2. Müdafiə Nazirliyi NATO-nun Dürüstlüyün Təmin olunması (Building Integrity) proqramına nə zaman qoşulacaq? Müdafiə Nazirliyi sistemində korrupsiyaya qarşı mübarizə üçün NATO-nun dəstəyindən istifadə olunacaqmı?
  3. Müdafiə Nazirliyi sistemində bir sıra rəhbər vəzifələrə mülki şəxslərin təyin olunması mümkündürmü? Nazirlikdə Hərbi-mülki münasibətlərin təkmilləşdirilməsi üçün hansı işlər görülür?
  4. General-mayor Çingiz Məmmədovun vəzifəsindən çıxarılmasının səbəbləri nədir?
  5. Beyləqandakı Hərbi Birləşmənin komandiri Ayaz Həsənov hansı səbəblərdən vəzifədən çıxarıldı?
  6. Müdafiə Nazirliyi Maliyyə İdarəsinin işinin, kadrlarının təkmilləşdirilməsi istiqamətində hansı işlər həyata keçirilir? Məlumatlara görə, vaxtilə bu idarə Müdafiə Nazirliyi sistemində maliyyə mənimsəmələrinin, şişirtmələrin həyata keçirilməsində əsas rol oynayıb.

Daha geniş informasiyanı https://azdoctrine.wordpress.com/ səhifəsindən əldə edə bilərsiniz.