Müdafiə Nazirliyində maliyyə oğurluğu necə baş verir? Ordu zabitindən sensasiyon açıqlamalar

Cəsur Sümərinli, “Doktrina” JHAM sədri

biryer1Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsindəki hərbi hissəsinin keçmiş maliyyə rəisi, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan mayor Renat Yusufovun “Doktrina” Jurnalistlərin Hərbi Aradırmalar Mərkəzinə müsahibəsi.

–          Həbsinizə hansı məsələlər səbəb oldu?

–          Mən 2009-cu ilin oktyabrında 997 774 manat məbləğində pul vəsaitlərinin oğurlanmasında ittiham olunaraq həbs olundum. O zaman 707 saylı hərbi hissənin maliyyə xidmətinin rəisi idim. Mənimlə birgə Şəmkir Korpusuna daxil olan 812, 777 və 065 saylı hərbi hissələrin maliyyə xidmətlərinin rəisləri də böyük məbləğdə pul mənimsənilməsinə görə həbs olundular. Oğurluğun ümumi məbləği 3 milyon manatdan yuxarı idi.

–          Bu həbslə bağlı Müdafiə Nazirliyinin rəhbər işçilərinin, xüsusilə də maliyyə idarəsinin mövqeyi necə oldu?

–          Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi rəhbərliyinin bu həbslərlə bağlı mövqeyi mövcud reallıqlar üçün standart idi: hər biri çalışırıdı ki, baş verənlərdən maksimal şəkildə məsafə saxlasın və istənilən qiymətə öz canını qurtarsın.

Misal üçün, Maliyyə İdarəsinin rəisi polkovnik-leytenant Elçin Mehdiyev, hansı ki, bütün bu olayların yaranmasının səbəbkarı idi, əvvəlcə tamamilə istəmirdi ki, işlər həbslərə qədər gedib çıxsın. Müdafiə Nazirliyi sistemində oğurluq və çatışmazlıq onun üçün yeni bir xəbər deyildi. Mehdiyev bundan öncə 14 il ərzində Maliyyə İdarəsində müxtəlif vəzifələrdə işləmişdi və bu dövrdə özü də maliyyə vəsaitlərini mənimsəmişdi. O, uçot-hesab sənədlərini saxtalaşdırırdı, çatışmazlıqları ört-basdır edirdi, digər cinayətlər törədirdi. Bu səbəbdən, təkrar edirəm, Mehdiyevin məqsədi həbslər və cinayət işi deyildi. Onun arzularının hüdüdu yoxlama aparılmış hərbi hissələrin maliyyə xidmətləri rəislərinin aşkar edilmiş çatışmazlıqların maksimal olaraq böyük hissəsinin Müdafiə Nazirliyinin İşlər İdarəsinin kassasına ödəməsinə qədər idi. Daha sonra bu pullar onlar tərəfindən müvəffəqiyyətlə mənimsənilirdi. İş prokurorluğa gedəndə, Mehdiyev dəvəquşu pozası aldı, yəni ki, heç nə bilmir, hər bir şey onun icazəsi olmdan baş verib və s. Baxmayaraq ki, o bundan əvvəl bir il ərzində idarə rəisinin müavini olarkən pul vəsaitlərinin xərclənməsi prosesini birbaşa kurasiya edirdi və gözəl bilirdi, qanunsuz pul “silmələri”nin hamısında və hamıda öz payı vardı. Amma yerlisi nazir Əbiyevin himayəsi və Hərbi Prokurorluğun korrupsiyaya uğraması sayəsində o, məsuliyyəti öz üzərindən ata bildi.

Maliyyə İdarəsinin ondan əvvəlki rəisi polkovnik-leytenant Sənan Eyvazovun da mövqeyi belə idi. O, Müdafiə Nazirliyində 2007-2009-cu illərdə geniş miqyaslı oğurluğun əsas təşkilatçılarından idi,  həmin dövrdə hərbi hissələrə ayrılan pul vəsaitlərinin süni şəkildə şişirdilməsininin altında öz imzası vardı. Hərbi Prokurorluq onu da Mehdiyev kimi məsuliyyətə cəlb etmədi, ona qarşı hər hansı ittiham irəli sürülmədi və Sənan Eyvazov məhkəmədən və cəzadan kənar qaldı.

Mehdiyev və Eyvazovdan fərqli olaraq MN-in maliyyənin planlaşdırılması bölməsinin keçmiş rəisi polkovnik-leytenant Azad Şəfiyev öz günahını boynuna almağa məcbur oldu. O, sözə baxaraq müstəntiq tərəfindən hazırlanmış ifadələrə qol çəkdi. Bu ifadələr çərçivəsində inkişaf edən hadisələr isə prokurorluğun rəhbərliyi tərəfindən hazırlanmış bir ssenari idi. Bu ifadədə ona maliyyə idarəsinin bütün rəhbər heyəti içində günahkar rolu verildi.  Bu itaətkarlığına görə, Azad Şəfiyev şərti cəza ilə mükafatlandırıldı və azadlıqda qaldı. Düzdür, bu, ona heç də ucuz başa gəlmədi: o, bütün əmlakından məhrum oldu – hamısı Xanlar Vəliyevin və onun tabeçiliyi altında olanların “anbarına” getdi.

cingiz_sefiyev-general_semkirO zamankı korpus komandiri Çingiz Şəfiyevin (yeri gəlmişkən, o da Əbiyevin yerlisi və bundan başqa qohumu idi) mövqeyi maliyyə idarəsinin rəhbərliyinin “dəvəquşu” mövqeyindən heç bir şəkildə fərqli deyildi. Amma əlbəttə ki, ona bəlli idi ki, ona tabe olan hərbi hisələrin maliyyəçiləri daimi olaraq qeyri qanuni şəkildə pul vəsaitlərini silirlər, başqa dillə desək, oğurlayırlar. Şəfiyevin daimi olaraq yenilənən son modifikasiyalı “Toyota Prado” maşını təbii ki əmək haqqı ilə alınmamışdı. Amma ədalət naminə etiraf etmək lazımdır ki, o, geniş miqyaslı oğurluqlar (100 minlər və milyonlar) barədə məlumatlı deyildi, yoxsa Şəfiyev daim yenilənən Prado və digər xırda para hədiyyələrlə kifayətlənməzdi.

Nazir Əbiyevə gəldikdə isə, Çingiz Şəfiyevin sözlərinə görə, onun mövqeyi belə idi: “Mehdiyev nə qədər tələb edirsə, o qədər MN-in kassasına ödəyin, uşaqlar, sonra işləməyə davam edin”. Amma nazirin sözü bir qəpiyə dəyməzdi. Maliyyə xidmətlərinin rəisləri ilk ödənişi etdikdən sonra onlardan üçünü dərhal vəzifələrindən çıxartdılar və sərəncama göndərdilər. Bundan sonra heç bir ödəniş aparılmadı və iş prokurorluğa gedib çıxdı. Onu demək istəyirəm ki, Səfər Əbiyev öz yerlisinin, qohumunun və təəccüblənməyin, varisinin (o zaman bu barədə xeyli söhbətlər gedirdi) komandirlik etdiyi korpusda baş verənləri maliyyə qalmaqalı kimi verməməyə çalışırdı. Şəmkir korpusundakı cinayət işləri və həbslər mətbuatda praktiki olaraq yox idi. Hərbi Prokurorluğun mətbuat xidməti də susurdu. Xanlar Vəliyev həmişə olduğu kimi itəatkarcasına Əbiyevin iradəsini yerinə yetirirdi. Hərbi prokurorun özü üçün də bu cinayət işlərinin gedişi barədə cəmiyyəti məlumatlandırmaq qətiyyən sərfəli deyildi, çünki istənilən an onun strukturunun bu cinayətlərə aidiyyətliyi barədə informasiya yayıla bilərdi. Onun strukturu 2007-2009-cu illərdə o zamankı maliyyə idarəsinin rəisi Sənan Eyvazovla aylıq paya malik idi. Bununla da Sənan Eyvazova böyük miqyaslı maliyyə oğurluğunu həyata keçirmək üçün yaşıl işıq yandırmışdı.

Maraqlıdır, 2011-ci ildə Bərdə korpusunda aşkara çıxarılmış maliyyə vəsaitlərinin oğurluğu faktları (məbləği Şəmkir korpusundakından bir neçə dəfə az idi), həbslər mətbuatda kifayət qədər geniş işıqlandırılırdı, eyni zamanda Hərbi Prokurorluq da bu haqda ardıcıllıqla əcəl zəngini vururdu. Bərdə korpusunda 2011-ci ildə yoxlamaların başlanması zamanından artıq 3 il keçməsinə baxmayaraq cənab Vəliyev bu mövzunu 31 yanvar 2014-cü ildə kollegiya iclasında coşqu ilə səsləndirdi. Eyvazovun maliyyə idarəsinin rəisi vəzifəsindən və onunla birgə “aylıq payı”n da getməsindən sonra Xanlar Vəliyev özünü bütün məsuliyyətlərdən azad hiss etdi, korrupsiyaya qarşı barışmaz döyüşçü rolunu ictimai olaraq öz-özlüyündə uğurla oynamağa başladı.

Şəmkir işinin təfsilatı və adları yuxarıda çəkilən şəxslərin qarşılıqlı münasibətləəri  prezidentə yazdığım məktubda əksini tapıb. Bu məktub ötən il mətbuatda dərc olunub. Subyektiv səbəblər üzündən təəssüf ki, onların heç də hamısı dərc olunmadı. Amma arzu edənlər adıma olan Facebook səhifəsindən tanış ola bilərlər.

–          Necə hesab edirsiniz, kimlər həbs olunmalıdır? Hansı ayrı-seçkilik halları mövcuddur?

–          İstintaqın qeyri-obyektiv aparılmasına dair nümunələr kifayət qədərdir, buraya məhkəmədən və cəzadan qaçmış şəxslər də daxildir. Onlardan bəzilərini sadalayıram.

İlk növbədə adı qeyd olunan Sənan Eyvazov, Elçin Mehdiyev, Azad Şəfiyev və Çingiz Şəfiyev həbs olunmalıdır. Hətta əgər təhqiqat qrupu onların Şəmkir korpusundakı oğurluq faktlarına aidiyyatına dair sübütları məhv etmişsə də onları hər zaman ən azı Cinayət Məcəlləsinin 342.2 (Rəisin və ya vəzifəli şəxsin xidmətə məsuliyyətsiz yanaşması, əgər bu ağır nəticələr doğurursa) maddəsi ilə məsuliyyətə cəb etnək olar. Düzdür, Hərbi Prokurorluğun bu günlü rəhbər heyəti ilə buna ümid etmək faydasızdır.

Amma onlardan başqa heş də az olmayan sayda “qəhrəman” var ki, onlar Şəmkir korpusundakı mənimsəmələrə əl qoymağa müvəffəq olmuşdular. Misal üçün, planlaşdırma, maliyyələşdirmə bölməsinin keçmiş baş zabiti – polkovnik-leytenant Eldar Bayramov  (hansı ki, Azad Şəfiyevdən sonra bölmə rəisi vəzifə səlahiyyətlərini icra edib) da hərbi hissələrə “artıq” pullar göndərməklə məşğul idi, düzdür, bir neçə dəfə az ölçüdə.

Daha bir “qəhrəman” – bu, nəzarət və yoxlama bölməsinin baş müfəttişi – polkovnik-leytenant Rafiq Əzimovdur. 2007-2009-cu illərdə o, dəfələrlə Şəmkir korpusundakı bütün qoşun hissələrini yoxlamağa ezam olunub. Bu yoxlamalar zamanı Əzimov heç bir zaman hər hansı pozuntunu qeydə almayıb, əvəzində oradakı maliyyəçilərin alicənablığı sayəsində dolu ciblərlə geri qayıdırdı. Yeri gəlmişkən, bu müfəttiş indiyə qədər öz fəaliyyətini davam etdirir.

Bir başqası – Silahlı Qüvvələrin Baş İnspeksiyasının müfəttişi polkovnik-leytenant Tariel İbrahimov ondan geri qalmırdı. Qeyd edilən dövrdə o, Şəmkir korpusunun xeyli hərbi hissəsində yoxlamalar aparımışdı. Bu zaman oğurluq halları üzə çıxmışdı, amma Əzimov kimi o da heç nə “aşkar” etmədi. Əvəzində hər dəfə belə ezamiyyətdən sonra onun şəxsi sosial rifahı Rafiq Əzimovda olduğu kimi daim yaxşılaşırdı. Yeri gəlmişkən, Tariel İbrahimovun korpusun komandiri Çingiz Şəfiyev ilə dostluq münasibətləri vardı. Onları uzaq 90-cı illərdəki birgə xidmət əlaqələndirirdi. Bu münasibətlər İbrahimovun 2010-cu ildə “çörəkli” vəzifəyə – maliyyələşmənin planlaşdırılması bölməsinə təyin olunmasında faydalı oldu. Orada o, sələfləri – Azad Şəfiyev və Eldar Bayramov kimi hərbi hisələrə “artıq” pulları göndərməklə məşğul idi. Düzdür, onlardan fərqli olaraq, Tariel İbrahimov yalnız texniki funkisiyanı yerinə yetirirdi, şişirdilmiş təyinatların həcm və ünvan məsələlərini maliyyə idarəsinin rəisi Elçin Mehdiyev şəxsən müəyyən edirdi.

–          Müdafiə Nazirliyi sistemində maliyyə sənədləri ilə bağlı ümumilikdə hansı qanun pozuntuları mövcuddur?

–          Müdafiə Nazirliyi sistemində maliyyə sənədləri ilə bağlı qanun pozuntularının “tam siyahısı” var: ikili ödəmə cədvəlləri, saxta ödəniş tapşırıqları, maddi vasitələrin qeyri-mövcud alışı barədə saxta aktlar, yüksək qiymətləndirmələr, təhrif olunmuş hesabatlılıq, süni şəkildə artırılmış xərclər, daxil olmaların azaldılması və s.

Büdcə vəsaitlərinin xərclənməsi prosesi qapalıdır və qeyri-şəffafdır. Bu, hərbi qurumun spesifikliyi, eləcə də həll olunmamış hərbi münaqişənin mövcudluğu ilə izah olunur. Hətta Maliyyə Nazirliyi də özünün Müdafiə Nazirliyində apardığı çox nadir yoxlamalarının nəticələri barədə hesabat vermir. Bununla da yuxarıda sadaladığım pozuntular da daxil olmaqla “hər bir şeyin mümkünlüyü” imkanı yaradılır.

–          Silahlı Qüvvələrdə büdcə yeyintisi nə qədər aktualdır? Bu proses necə baş verir? Kimlər büdcə yeyintisinə cəlb olunur?

–          Silahlı Qüvvələrdə büdcənin yeyintisi şübhəsiz ki, tükənməz mövzudur, bu barədə çoxlu və uzun müddət ərzində yazmaq olar. Qısaca belə deyə bilərik: Xəzinə oğurluğu kimi hallar qədim dövrlərdən mövcud olub və dünyanın bir çox ordularında mövcuddur. Təbii ki, dünya təşkilatlarının bütün hesabatlarında daha çox korrupsiyalaşmış ölkələrdən biri kimi adı çəkilən Azərbaycan kimi ölkələrin ordusunda bu məsələ əvvəlkitək aktualdır. Hər şey oğurlanır və satılır: dəftərxana ləvazimatlarının alışı üçün ayrılan vəsaitlərdən tutmuş Müdafiə Nazirliyinin balansında olan torpaq sahələrinə qədər. Bu neqativ hallar Müdafiə Nazirliyində çiçəklənən qohumbazlıq, yerlibazlıq, zəncirvari bağlılığın nəticəsidir.

Belə demək olar ki, büdcə vəsaitlərinin yeyintisi anbar rəisi olan gizirlərdən başlamış ali komanda heyətinin nümayəndələrinə qədər bizim ordumuzun maddi məsuliyyətli əksər vəzifəlilərinin xidmətinin əsas məqsədi və mahiyyətidir.

–          Sizcə Müdafiə Nazirliyinin yeni rəhbərliyinin fəaliyyəti Silahlı Qüvvələrdə maliyyə qanunsuzluqlarının qarşısını alıbmı? Zakir Həsənov Əbiyev dövründə maliyyə yeyintilərinə, korrupsiyaya yol vermiş zabitləri cəzalandırıbmı?

–          Hesab edirəm ki, yarım il yeni müdafiə nazirinin fəaliyyətinə hansısa yekun qiymət vermək üçün kifayət qədər müddət deyil. Sələf tərəfindən qalmış xeyli problemlər var ki, onlar həll edilməlidir. Bununla belə Müdafiə Nazirliyinin yeni rəhbərliyinin fəaliyyəti ilə bağlı ilkin müşahidələrimi bölüşə bilərəm.

Son zamanlar mətbuat Müdafiə Nazirliyində kadr təmiziliyi, kifayət qədər yüksək vəzifəli zabitlərin həbsləri və oxşar hadisələrə dair xəbərlərlə dolub-daşır. Bu fonda belə belə təəssürat yarana bilər ki, ordu tam gücü ilə ağır Əbiyev yükündən azad olunur, vaxtında qanun pozuntusu etmiş bütün şəxslər cəzalandırılacaqlar. Amma heç də hər şey bu qədər sadə deyil.

ZAKIR-H_ESENOV-1Zakir Həsənovun müdafiə naziri postunda ilk addımlarından biri maliyyə idarəsinin rəisi Elçin Mehdiyevi vəzifəsindən azad etmək oldu. Müdafiə Nazirliyinin maliyyə sistemində çoxsaylı qanun pozuntuları və korrupsiya faktlarından sonra bu, gözlənilən və məntiqi gediş idi. Lakin Mehdiyevə cinayət işinin qaldırılmaması bir yana, hətta onun fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmadı,. Baxmayaraq ki, əvvəlində belə şayiələr geniş yayılmışdı. İki ay sərəncamda olduqdan sonra Mehdiyev Naxçıvan Əlahiddə Ordusuna, müfəttiş vəzifəsinə “sürgün”ə göndərildi. Təbii olaraq sual ortaya çıxır: əgər adı çəkilən vəzifəli şəxs öz vəzifələrini qanun çərçivəsində həyata keçirdirdisə hansı səbəbdən onun vəzifəsi iki pillə aşağı salındı? Əgər Mehdiyev qanun pozuntusuna yol vermişdisə, onun hansı məsuliyyətli vəzifəə tutduğunu nəzərə alaraq onun fəaliyyətində cinayət tərkibinin olmadığını təsəvvür etmək belə mümkün deyil. Belə olan zaman, niyə görə ona münasibətdə cinayət işi qaldırılmadı? Axı Cinayət Məcəlləsində vəzifəsinin aşağı salınması ilə əlaqədar cinayət məsuliyyətindən azad olunma nəzərdə tutulmayıb. Yaxud vəzifəsinin aşağı salənması ilə ilə bağlı cəzalandırılma nəzərdə tutulmayıb. Amma mümkündür ki, Elçin Mehdiyevə münasibətdə cinayət işi hər halda qaldırılıb, amma cəmiyytdən gizli saxlanılır ki, sonradan günahkarın cəzadan azad olunması baş versin. Şəmkir işindəki Azad Şəfiyev kimi.  Bu variantın ehtimal kimi irəli sürülməsi bu və ya digər şəkildə növbəti nümunəni ortaya çıxarır:

Bu ilin fevralında bir milyon manat pul vəsaitini mənimsəməkdə ittiham olunan HHM və HHQ-nin maliyyə xidmətinin keçmiş rəisi polkovnik-leytenant Babək Səfərov həbs olunmuşdu, amma bir qədər vaxt keçdikdən qəti imkan tədbirini dəyişdirib sonra  onu azadlığa buraxdılar. Belə praktika Azərbaycanda günahlandırılanlara qarşı çox nadir hallarda tətbiq olunur. Bu belə bir fikrə səbəb olur ki, təhqiqat əvvəldən planlaşdırıb ki, onu qısa müddətə həbsə salsın. O məqsədlə ki, ondan çox pullar və lazımı ifadələri qopartsınlar. Çox güman ki, yuxarıda qaeyd etdiyimiz məsələdə də hər şey tezliklə şərti cəza ilə başa çatacaq. Beləliklə, HHM və HHQ-da milyonluq mənimsəmə və Səfərovun həbsi ilə bağlı mətbuatda heç bir məlumat verilmədi, əvəzində HDQ-də kompleks yoxlamalar, çatışmazlıqların aşkar olunması, bir neçə zabitlərin həbsi ilə bağlı qəzetlər, radio və televiziya xorla danışdılar. Tanış vəziyyətdir, elə deyilmi?

Eyni zamanda bir tərəfdən Müdafiə Nazirliyinin yeni rəhbərliyi gur səslə orduda qanunsuzluqları, ədalətsizliyi bitirəcəyini bəyan edir, digər tərəfdən əvvəlki rəhbərliyin sevdiyi “seçimli cəzalandırma” və böhtanlama praktikası yenə də tətbiq olunur. Bəziləri Zakir Həsənovu ittiham edirlər ki, kadr təmizlənməsi, cinayət işlərinin qaldırılması neqativ halların aradan qaldırılması məqsədini güdən sistemli işlər deyil,  bunlar banal haqq-hesab çürütmələri və “plasdarmın təmizlənməsidir”. Bu fikirlərin nə qədər doğru olmasını zaman göstərəcək. Mənim fikrimcə, yuxarıda qeyd etdiyim nümunələri hələlik onun göstəricisi hesab etmək doğru olar ki, Zakir Həsənov öz fəaliyyətində hələlik tam azad deyil. Bunun səbəbləri az deyil, onlar kifayət qədər geniş şəkildə mətbuatda analiz olunur, bu səbəbdən onlar üzərində dayanmayacağam.

Yalnız deyə bilərəm ki, yeni müdafiı nazirinin fəaliyyətinə çox neqativ təsir edən əsasamillərdən biri odur ki,  hərbi prokuror Xanlar Vəliyev şəxsən xirtdəyəcən Əbiyevin ətrafının həyata keciritdiyi cinayətlərin girdabındadır. Belə vəziyyətdə prokurorun Əbiyev dövründə maliyyə pozuntuları və korrupsiyada iştirak edən zabitlərin ədalətli cəzalandırılmasından danışması sadəcə mümkünsüzdür. Cəzasızlıq isə məlum olduğu kimi yeni cinayətlər doğurur.

–          Sizcə orduda yeyintilərin, korrupsiyanın, maliyyə pozuntularının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

–          Cəmiyyət canlı orqanizmdir, ordu isə həyati vacib orqandır. Bu səbəbdən orduda korrupsiya ilə bağlı vəziyyətə ümumilikdə ölkədəki korrupsiyadan kənar baxmaq düzgün olmaz. Korrupsiya bütün sferaları əhatə edir, təkcə rəngarəng “ASAN” reklamları ilə ümumi bədbin mənzərəni dəyişdirmək mümkünsüzdür. Eyni zamanda ayrı-ayrı qurumlarda ayrı-ayrı rəhbərlərin cəhdlərini müsbət hesab etmək olar. Ola bilsin ki, Zakir Həsənov belə rəhbərlərdən biri olacaq. Konkret tədbirlərə gəlincə, mətbuatda Silahlı Qüvvələr üzərində vətəndaş nəzarətinin yaradılmasının zəruriliyi barədə tez-tez yazırlar. Eləcə də, Müdafiə Nazirliyi tərkibindəki Baş İnspeksiyanın ləğvi və oxşar strukturun Prezident Adminstrasiyasında yaradılması barədə də danışırlar. Fikrimcə, hazırkı gerçəklikdə bu, hər hansı səmərə verməyəcək – sadəcə “pay” ödənməli olan əlavə orqan peyda olacaq. Yəqin ki, burada velosiped icad etmək lazım deyil, korrupsiya ilə mübarizənin resepti sadədir: hər bir rəhbər isstənilən səviyyədə şəxsən oğurluq etməməlidir, rüşvət, “pay” almamalıdır və s. bunları tabeçiliyində olanlardan tələb etməməlidir, bu istiqamətdə ali rəhbərliyə  müqavimət göstərməlidir.

–          Hüquqlarınızın müdafiəsi istiqamətində hansı addımları atmağı planlaşdırırsınız? Avropa Məhkəməsinə müraciət etmək planınız varmı?

–          Öz hüquqlarımın müdafiəsinə dair onu qeyd edərdim ki, bu ölkəmizdə tamamilə perspektivsiz məşğuliyyətdir. Şikayətlər və bəyanatlara baxıılmır, vətəndaşa yalnız bir “hüquq” təqdim olunur – “pulunu verib canını qurtarmaq”, bu isə tamamilə mənim xarakterim və mentalitetimə uyğun deyil.

Avropa İnsan Haqları Məhkəməsinə müraciət iki il bundan əvvəl göndərilib, amma şikayət üzrə qərar hələlik qəbul olunmayıb.

Qeyd: Müsahibədə adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq. Email: doktrina.jham@gmail.com