Müdafiə Nazirliyindəki erməni əsilli polkovnikin tərcümeyi halı – FAKTLAR

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi son vaxtlar adı mətbuatda hallanan Müdafiə Nazirliyində xidmət edən polkovnik Seyran Qafarovla bağlı əldə etdiyi məlumatları təqdim edir. Mərkəz bununla bağlı 2004-cü ilin mətbuatını araşdırıb.

Polkovnik Seyran Qafarovun hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət etdiyi bildirilir.

Atası milliyətcə azərbaycanlı Qafarov Nuru Bəkir oğlu 1924-cü ildə Şəkidə anadan olub. 1991-ci ildə vəfat edib və Şəkidə dəfn olunub.

Anası milliyyətcə erməni Qafarova – Melkumova Şuşanik Gerasimovna 1925-ci ildə Şəkidə anadan olub, 1999-cu ildə Şəkidə vəfat edib və qəbri də oradadır.

Həyat yoldaşı Qafarova – Abbasova Şərqiyyə Nəsrəddin qızı Gəncədə doğulub. Həyat yoldaşının atası Nəsrəddin kişi Gəncəlidir. Anası isə Göyçayda doğulub.

Polkovnik Qafarov Bakı Ali Birləşmiş Komandirlər məktəbini bitirib. Moskvada SSRİ Silahlı Qüvvələrində xidmət edib. Frunze adına Hərbi Akademiyanı bitirib. 1990-cı ildə polkovnik rütbəsini alıb. Rusiya Silahlı Qüvvələrinin Zaqafqaziyada olan qoşunlar qrupu qərargahının əməliyyat idarəsi idarəetmə məntəqələri şöbəsinin rəisi vəzifəsində xidmət edib. 1998-ci ildə Rusiya SQ-dan tərxis olunub. 2000-ci ilin yanvar ayında Şəki hərbi komissarlığı tərəfindən Azərbaycan SQ-də xidmət etmək üçün həqiqi hərbi xidmətə çağırılıb. 2000-ci ilin dekabr ayının 7-dən 2001-ci ilin may ayının 5-dək SQ Baş İnspeksiyasının ümumqoşun şöbəsinin rəisi – müfəttiş vəzifəsinə təyin olunub. 2001-ci ilin may ayının 5-dən 2002-ci ilin may ayının 15-dək SQ-nin Baş İnspeksiyasının baş müfəttişi vəzifəsində xidmət edib. 2002-ci il mayın 15-dən 2011-ci ilə qədər Müdafiə Nazirliyinin Hərbi Elm Mərkəzinin hərbi-texniki şöbəsinin rəisi vəzifəsində xidmət edib.

Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət etdiyi bildirilir.

“Doktrina” JHAM İnformasiya Departamenti