Rusiya Azərbaycan hərbiyyəsində güclənir – TƏHLİL

CƏSUR SÜMƏRİNLİ
“DOKTRİNA” JURNALİSTLƏRİN HƏRBİ ARAŞDIRMALAR MƏRKƏZİNİN SƏDRİ

2012-ci ildən bu yana Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın ümumi dəyəri 5 milyard dollardan yuxarıdır. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin əldə etdiyi məlumatlara görə, Azərbaycana Rusiyadan əsasən ağır hərbi texnikalar alır. Bunların əsasən hansı silah və hərbi texnikalar olduğu barədə mətbuatda silsilə məlumatlar dərc olunmaqdadır. Bəllidir ki, 2013-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri çərçivəsində tərəflər arasında hərbi texniki əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı qeyri-rəsmi razılaşma əldə olunub. Bir sıra məlumatlara görə, hazırda tərəflər yeni hərbi-siyasi əməkdaşlığın konturlarını cızırlar.

Rusiya – Azərbaycan hərbi-texniki əməkdaşlığı ilə bağlı aşağıdakı suallar ortaya çıxır:

1) Alınmış Silah və hərbi texnikaların qiymətlərində hər hansı şişirtmələr varmı?
2) Rusiyadan alınan hərbi texnika Azərbaycan torpaqlarının işğaldan azad olunması məqsədilə istifadə oluna bilərmi?
3) Azərbaycanla çox milyardlıq silah sövdələşməsi nəticəsində Rusiya Ermənistana olan dəstəyini azaldacaqmı?
4) Alınan hərbi texnika Azərbaycanı Rusiya boyunduruğuna salırmı?
5) Rusiyadan alınmış hərbi texnika Azərbaycan Silahlı Qüvvlərinin quruculuq strategiyasına, onun Milli Təhlükəsizlik Konsepsiyasına, Hərbi Doktrinasına uyğundurmu?

Bizim araşdırmalar göstərir ki, Azərbaycanın Rusiyadan aldığı silah və hərbi texnikaların qiymətlərində şişirtmələr olması ehtimalı çox böyükdür. Ənənəvi olaraq Rusiya ilə hərbi-texniki əməkdaşlıq korrupsiya hədəfi hesab olunur. Bu proses çox qapalı şəkildə həyata keçirilir və onunla bağlı hər hansı şəffaflıq, ictimai məlumatlandırma tamamilə yoxdur.

Rusiyadan alınan hərbi texnikanın Ermənistana qarşı istifadə olunacağı mümkün görünmür. Əldə olunan məlumatlara görə, Rusiya sövdələşmə zamanı həmin silahların Ermənistana qarşı istifadə olunmayacağını bir şərt kimi irəli sürür. Əgər fikir versəniz, rəsmi Bakının bəyanatları içərisində Rusiyadan əldə edilən silahların Azərbaycanın ərazi bütövlüyünün nizamlanmasına yönələcəyi barədə hər hansı cümlələr yoxdur. O baxımdan hesab etmək olar ki, bu sayda və məbləğdə silah və hərbi texnikanın alınması, əslində Azərbaycanın bir nömrəli milli təhlükəsizlik maraqlarına – torpaqların işğaldan azad olunması məqsədinə cavab vermir.

Təəssüflər olsun ki, Rusiya Azərbaycana silah satmaqla və bununla da çox milyardlıq layihələr həyata keçirməklə yanaşı Ermənistana iki istiqamətdə hərbi dəstəyini davam etdirir, hətta bir qədər də gücləndirir. Birincisi, Ermənistandakı 102 saylı hərbi bazasının hərbi-texniki baxımdan təchizatını gücləndirir, ikincisi isə Ermənistanın Silahlı Qüvvələrinə güzəştli qiymətlərlə silah və hərbi texnika satır. Azərbaycanla olan razılaşmadan fərqli olaraq Ermənistan bu silah və hərbi texnikaları Azərbaycana qarşı istifadə edə biləcək. Çünki Rusiya Ermənistanın 3 tərəfli hərbi-strateji müttəfiqidir: həm ikitərəfli hərbi razılaşma, həm KTMT nizamnaməsi, eyni zamanda 102 saylı bazanın icarə müddətinin artırılması ilə bağlı sənəddə Rusiyanın Ermənistanın təhlükəsizliyinin təminatçısı olduğu və Ermənistan ordusunun döyüş qabiliyyətinin artırılmasına dəstək olduğu aydın şəkildə qeyd olunub. Ermənistanın Hərbi Doktrinasında isə Rusiya “Ermənistanın və Qarabağın təhlükəsizliiynin təminatçısı” kimi qeyd olunub. Beləliklə, açıq-aşkar görünür ki, əslində Rusiyadan hər hansı şəkildə hərbi texnika alınması Azərbaycanın milli maraqlarına uyğun deyil.

Əksinə, bu əməkdaşlıq Azərbaycanın Rusiyanın hərbi boyunduruğuna salır: birincisi, Rusiyadan alınan silah və hərbi texnikanın idarəetmə açarları və təmir məsələləri Moskvadadır, ikincisi, bir sıra hərbi texnikaların idarə olunması üçün kadrların Rusiyada hazırlanması gərəkdir. Beləliklə, silah asılılığı kadr asılılığına yol açan bir prosesi yaradır və bir sıra məlumatlara görə, hazırda 100 nəfərdən artıq Azərbaycan zabiti Rusiyanın müxtəlif hərbi təhsil müəssisələrində təhsil alır və onlar yaxın perspektivdə Azərbaycan ordusuna qayıdacaqlar. Bu zabitlərə güvənmək olacaqmı? Onların bu və digər şəkildə Rusiyanın xüsusi xidmət orqanlarından asılı olmayacaqlarına zəmanət varmı? Bu çox ciddi sualddır və və ona cavab verilməssi vacibdir.

Eyni zamanda Rusiyadan alınmış hər silah və hərbi texnika Azərbaycan Ordusunu NATO standartlarından bir addım uzaqlaşdırır. Bu, həm ciddi vaxt, həm də maliyyə itkisinə gətirib çıxaracaq.

Əldə edilən məlumatlara görə, Azərbaycan hakimiyyətinin bu addımları eyni zamanda rəsmi Bakının alternativsiz duruma düşməsi ilə əlaqədardır. Belə ki, NATO tərəfi rəsmi olaraq istər Azərbaycana, istərsə də Ermənistana silah və hərbi texnika satışını qadağan edib. Belə bir vəziyyətdə rəsmi Bakının əlinə ciddi bəhanə verilmiş olur.

Yaxşı olardı ki, NATO özünün silah satışına qoyulmuş embarqo siyasətinə bir qədər dəyişiklik etsin. NATO-da anlamalıdırlar ki, mövcud vəziyyət Rusiya hərbi-siyasi elitasının maraqlarına işləyir: Rusiya həm Azərbaycnın pullarını əldə edir, həm Azərbaycan ordusunun silah və hərbi texnika baxımdan NATO standartllarına uyğunlaşdırılması prosesini ləngidir, həm də öz təhsil müəssisələrində hazırlanmış kadrları göndərməklə hərbiyə dərindən nüfuz etməyi planlaşdırır. Bütün bu proseslərin dayandırılması üçünsə NATO tərəfdən rəsmi Bakıya verilmiş “bəhanə” ləğv edilməlidir.

Əks təqdirdə Rusiya Azərbaycan hərbiyyəsinə komandanlıq etmək planlarını daha da gücləndirəcək. Bu günə olan proqnozlarımıza görə, qarşıdakı 2-3 il ərzində Azərbaycan və Rusiya arasında hərbi texniki əməkdaşlıq daha da güclənəcək. Geniş miqyaslı hərbi müqavilələrin imzalanması mümkündür. Bu ilin payızında isə tərəflərin Xəzər dənizində birgə hərbi təlimlər keçirməsi də mümkündür. Bütün bunlar ciddi şəkildə Azərbaycanın xarici hərbi-siyasi prioritetlərinin dəyişdirilməsinə gətirib çıxara bilər ki, bu da ilk növbədə milli təhlükəsizlik maraqlarımıza ziddir.

Fikrimcə, Azərbaycan hakimiyyəti Rusiya ilə bağlı addımlarında maksimum ehtiyatlı olmalı, müstəqilliyimizə xələl gətirə biləcək hər hansı addımlardan qaçmalıdır. Əks təqdirdə hər şey çox gec olacaq!

http://cumhuriyyet.info/movqe/3054-rusiya-azerbaycan-herbiyyesinde-guclenir.html