Hərbi sektorda 38 nəfər dünyasını dəyişib, 63 nəfər yaralanıb – STATİSTİKA

Təhlükəsizlik və müdafiə sektorunda itkilərin 5 aylıq monitorinqinin nəticələri

foto2“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 38 nəfər təşkil edib. Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd etdi ki, ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i  döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 27-si isə qeyri-döyüş itkiləridir.

6 – nəfər avtoqəzadan,  1 – nəfər naməlum səbəbdən,  4 – nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 33-ü Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (63 nəfər) C.Sümərinli bildirdi ki, onların 15-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 10-u erməni gülləsindən, 8- nəfər mina partlayışından,  2 nəfər təlimdə, 21-i isə avtoqəza nəticəsində, 1 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 55 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 4 nəfər Daxili Qoşunlar, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib. Ötən dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).  Ümumilikdə, aprelin 30-na olan məlumatlara görə, Azərbaycanda bir erməni əsir və 5 mülki şəxsə saxlanılır.

“Doktrina” JHAM İnformasiya Departamenti