Müdafiə Nazirliyi: “Nazirin parlament qarşısında hesabat verməsi mümkündür”

ZAKIR-H_ESENOV-1“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ictimai məlumatlandırma layihəsi çərçivəsində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlıya göndərdiyi növbəti üç sualın cavabını oxuculara təqdim edir:

–      Müdafiə Nazirliyində dəyişiklikliklərlə bağlı ictimaiyyəti məlumatlandırma yönündə mətbuat konfransının nə zaman keçirilməsi gözlənilir?

–      Müdafiə Nazirliyi ictimaiyyəti məlumatlandırmaq istiqamətində Silahlı Qüvvələrdə baş verən hadisələr, görülən işlər barədə rəsmi internet səhifəsi vasitəsilə gündə bir neçə dəfə, kütləvi informasiya vasitələri nümayəndələrindən ünvanlanan yazılı və telefonla daxil olan şifahi sorğulara isə mütəmadi olaraq cavab verməklə fəaliyyət göstərir.

Mətbuat konfransı məsələsinə gəlincə isə bildirmək istəyirik ki, bu kimi tədbirin keçirilməsi planlaşdırılarsa əvvəlcədən kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbər veriləcəkdir.

–      Hərbi qulluqçuların mənzillə təminatı istiqamətində mövcud problemlərin həlli üçün hansı işlər görülür?

–      Hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanına uyğun olaraq yaradılmış müvafiq Komissiyanın səlahiyyətlərinə aid olduğundan bu quruma müraciət etməyiniz tövsiyə olunur.

Hazırda hərbi qulluqçular 212 daimi və 487 xidməti mənzillə təmin olunublar.

–      Millət vəkili Zahid Oruc müdafiə naziri Zakir Həsənovun parlament qarşısında hesabat verəcəyinə inandığını bildirib. Sizcə belə hesabatın verilməsi mümkündürmü?

–      Müdafiə Nazirliyi qarşısında bu kimi məsələ qaldırılarsa, onun müsbət həlli labüddür.

 “Doktrina” JHAM İnformasiya Departamenti