Müdafiə Nazirliyində sənədləri yandırıblar. Müdafiə naziri və hərbi hissə komandiri məhkəməyə verilir

Cəsur Sümərinli

Cəsur Sümərinli

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli (Məmmədov) müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonundakı hərbi hissəsinin komandiri polkovnik-leytenant Raquf Orucovu məhkəməyə verməyə hazırlaşır. Bu barədə məlumat verən C.Sümərinli qeyd etdi ki, hazırda məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi hazırlayır.

Onun sözlərinə görə, iddiaya səbəb Müdafiə Nazirliyinə və sözügedən hərbi hissəyə bir müddət öncə ünvanladığı müraciətin təmin olunmamasıdır. C.Sümərinli 1998-2000-ci illərdə Ağstafa və Ağdam rayonlarındakı hərbi hissələrdə hərbi xidmət dövründə təmin olunmadığı əşya-əmlaka görə təzminat ödənilməsini tələb edir. Təzminatın ödənilməsi üçünsə Müdafiə Nazirliyi onu arayışla təmin edilməlidir. Amma təəssüflər olsun ki, bu günə qədər həmin arayış təqdim olunmayıb. Əksinə, bu gün Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Azad Əsədov və Ağdamdakı hərbi hissənin komandiri polkovnik-leytenant Raquf Orucovun imzası ilə Cəsur Sümərinliyə təqdim olunan iki ayrı-ayrı məktublarda qeyd olunur:

“Vətəndaş Məmmədov Cəsur Məzahir oğluna əşya əmlakın əvəzinə pul kompensasiyası təqdim edə bilmirik. Çünki Müdafiə Nazirinin 26.12.2006-cı il tarixli 0150 saylı əmrinin tələblərinə müvafiq olaraq hərbi hissənin daxili yoxlama komissiyasının 02.08.2010-cu il tarixli 338 saylı aktı əsasında 30.12.2008-ci il tarixədək istifadə müddəti başa çatmış şəxsi istifadədə olan maddi vəsaitlərin uçotu kartları (forma 45) yandırma yolu ilə məhv edilmişdir”.

Göründüyü kimi, Müdafiə Nazirliyi sənədləri yandırmaqla ona ünvanlanan müraciətləri cavabsız qoyur. C.Sümərinli bildirdi ki, qeyd edilən məsələ ilə əlaqədar hələ 2009-cu il və 2010-cu ilin əvvəllərində Müdafiə Nazirliyinə müraciət etsə də, nazirlik onun məktublarını cavabsız buraxmışdı.

C.Sümərinli qeyd etdi ki, Müdafiə Nazirliyinin ona göndərdiyi cavab məktublarında əks olunan məlumatlar nazirlikdə Səfər Əbiyev dövrünə xas idarəetmə qaydalarının hələ də hökmranlıq etdiyini göstərir. “Ümid edirdim ki, Səfər Əbiyev dövründən fərqli olaraq yeni rəhbərlik keçmiş hərbçilərin məktublarına, müraciətlərinə diqqətlə yanaşacaq və onların problemlərini həll etməyə çalışacaqlar. Amma göründüyü kimi, heç nə dəyişməyib və bu səbəbdən məhkəməyə müraciət etməkdən başqa yolumuz qalmayıb”, – deyə C.Sümərinli bildirdi.

Onun sözlərinə görə, belə qanunsuzluqlarla üzləşən təkcə o deyil, onlarla ehtiyatda olan zabit və gizir oxşar vəziyyətlə üz-üzədirlər. C.Sümərinli qeyd etdi ki, yaxın günlərdə həmin şəxslərlə birlikdə mətbuat konfransının keçirilməsi mümkündür.

“Doktrina” JHAM İnformasiya Departamenti

Advertisements