Milli Ordu Günü və ordunun günü

Bu gün “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli “Azadlıq” radiosunun “İşdən sonra” proqramının qonağı olub.

«ORDUDA İNSAN FAKTORU İKİNCİ PLANA ATILIR»

Cəsur Sümərinli ordunun problemlərini belə qruplaşdırır:

«Zabitlər məvaciblərinin artmasını gözləyirdilər. Təəssüf ki, bu, baş vermədi. Azərbaycan ordusunda daha çox diqqət texnikaya, silaha yönəldilir. İnsan faktoru ikinci plana atılır. Prezident iki il bundan öncə hərbçilərin mənzillə təmin edilməsi üçün sərəncam verdi. Yalnız orduda qüsursuz xidmət edənlərə mənzillərin verilməsi nəzərdə tutulmuşdu. Bu, çox səhv yanaşma oldu, hərbçilər arasında ayrı-seçkilik yarandı. 70-80 faiz zabit mənzilsizdir. Orduda aktual problemlərdən biri korrupsiyadır. Problemi həll etmək üçün elə bir addım atılmır. Silahlı Qüvvələrdə əvvəlki dövrlərdə baş verən bu cür hallara görə də cəzalandırılan yoxdur.

Əsgər ölümləri də ordunun əsas problemlərdəndir. 2014-cü ilin ilk altı ayı ərzində 34 hərbçi ölüb. Xəsarət alan, yaralanan hərbi qulluqçuların sayı 80-ə çatıb».

Ekspert müqaviləli orduya keçidi çıxış yollarından sayır:

«Zakir Həsənov çıxışında bildirib ki, Silahlı Qüvvələrdə mülki şəxslərin artırılmasına başlanıb. Təmizlik, yemək kimi işləri görmək üçün buna ehtiyac var. Mülki işçilərin cəlb olunması orduda «dedovşina» hallarını azalda bilər. Orduya 20 minə yaxın mülki şəxs cəlb olunacaq. 10 minə yaxın insan müddətdən artıq xidmət etmək istəyir. Bütün bunlar müqaviləli orduya keçid prosesi kimi başa düşülə bilər. Müqaviləli orduda fiziki cəhətdən özünü hazırlıqlı hiss edən vətəndaşlar özləri müraciət edib hərbi xidmətə başlayırlar. Ancaq reallıq budur ki, hökumətin qarşısında belə bir məqsəd, strategiya yoxdur. Qarışıq bir proses var. NATO sisteminə keçiriksə, generallardan çox, diqqət çavuşlara, aşağısəviyyəli komandirlərə yönəlməlidir. Onların sosial təminatı, döyüş hazırlığı yüksək olmalıdır».

http://www.azadliq.org/content/article/25436021.html