“Zakir Həsənov Səfər Əbiyevin məsuliyyətinə işarə vurur”

Müəllif Natiq Cavadli, Aysel Umudova

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. 96 il əvvəl Azərbaycanın müstəqilliyi elan olunduqda, milli ordunun yaradılması başlandı. Ancaq bolşeviklərin işğalından sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğu da dayandırıldı və generalların əksəriyyəti güllələndi. 1991-ci ildə müstəqilliyimiz bərpa olunduqdan sonra ordu quruculuğunda mühüm addımlar atıldı. Amma bir sıra hərbi ekspertlər mövcud durumdan narazılığını gizlətmirlər.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli bu yöndə açıqlamaları ilə həmişə gündəmdə olub. Hərbi ekspertlə söhbətimizdə ordu sahəsində yaranan suallara cavab almağa çalışdıq:

– Cəsur bəy, ötən 23 ildə Azərbaycan ordusu hansı mərhələlərdən keçib və təkmilləşmə yaranıbmı?

– 23 ili dörd mərhələyə bölərdim; Birinci mərhələ 1991-94-cü illər olan müharibə dövrüdür. İkinci mərhələ atəşkəs dövrüdür ki, 1994-cü ildən 2005-ci ilə qədər uzadardım. 2005-ci ildə Azərbaycanla NATO arasında müxtəlif sənədlər imzalandı və üçüncü mərhələ başlandı, ötən ilin oktyabrına qədər davam etdi. Hansı ki, həmin vaxt Səfər Əbiyevin 19 illik müdafiə naziri dövrü başa çatdı. Dördüncü dövr isə Zakir Həsənovun müdafiə naziri təyin olunandan sonrakı dövrdür. Hər dörd mərhələnin bir-birindən fərqli xüsusiyyətləri var, amma ümumilikdə inkişaf tendensiyasına baxdıqda, 23 il çox böyük zamandır. Çox təəssüf ki, 23 il üçün uyğun inkişaf görmürük.

– Səbəbləri izah edə bilərsinizmi?

– Əsas səbəb ordumuzdakı korrupsuya və rüşvətdir ki, son illərdə idarəçilik böhranı ilə nəticələnib. Əsgər ölümlərinin sayının artması da məhz bununla bağlı idi.

– Əsgər ölümlərinə etiraz olaraq paytaxtda aksiyalar da keçirildi…

– Bəli, məlum aksiyalarda vətəndaşlarla bərabər, vətəndaş cəmiyyəti, media da öz etirazını ortalığa qoydu. Bunların təsiri oldu.

– Nə mənada təsiri oldu, müdafiə naziri dəyişdirildi?

– Rəhbəri dəyişildi, o cümlədən, strukturda da, əsgərlərlə davranışlarda dəyişiklik oldu. Səfər Əbiyev dövründə hər hansı əsgər qarşılaşdığı zorakılıqla bağlı səsini çıxarda bilmirdi. Hazırda müxtəlif məkanlarda etimad telefonları qoyulub, əsgər zorakılıqla rastlaşsa, dərhal nazirliyin rəhbərliyinə çıxa bilsin.

– Bu, görüntüdür, yoxsa reallıqdır?

– Reallıq olsa da, müsbət istiqamətə çıxmayıb. Bilirsiniz, əsgər ölümlərinin statistikası boş rəqəmlərdən yox, ümumi ordunun görüntüsüdür. Yəni, görün, ordumuz nə gündədir.

– Nə gündədir ordumuz?

– Ordumuz yaxşı gündə deyil. Son 6 ayda müdafiə, təhlükəsizlik və müdafiə sectorunda 45 nəfər dünyasını dəyişib, 35 nəfəri Müdafiə Nazirliyinə daxildir. 10 hərbi qulluqçu işğalçıların gülləsindən ölüb, 10 nəfər intihar edib, bu problemin kökü çox dərindir. Yəni 19 illik Səfər Əbiyevin dövründə silahlı qüvvələrdə elə bir böhran yaranıb ki, yaxın illər ərzində bunun aradan qaldırılacağına inanmıram. Birinci növbədə korrupsiya aradan qaldırılmalıdır ki, orduda vəziyyət dəyişsin. Əgər korrupsiya aradan qaldırılmırsa, müsbət dəyişikliklər gözləmək olmaz.

– Mən diqqəti müdafiə naziri Zakir Həsənovun Azər-TAc-a müsahibəsinə yönəltmək istərdim. Cənab nazirin müsahibəsində özünüz üçün hansı suallara cavab aldınız və cavabını eşitmədiyiniz suallar hansı idi?

– 8 aydır nazir olan cənab Həsənovun ilk müsahibəsindən vizionu görmək olar. Yəni yeni nazir nə edir və nə etmək istəyir deyə ümumi vizion var. Amma müsahibədən belə nəticə çıxır ki, cənab Həsənovdan əvvəlki dövrdə ordu olmayıb. Nazir elə dəyişikliklərdən danışır ki, halbuki, hər bir yeni təyin olunan nazir bu işləri görməliydi.

– Məsələn, nazir bildirib ki, keyfiyyətsiz ərzaq məhsullarının qəbul olunmasının qarşısının alınması məqsədilə ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilib. Belə nəticə çıxır ki, 21 illik Səfər Əbiyevin dövründə hərbi hissələrə keyfiyyətsiz ərzaq məhsulları verilib?

– Əslində, Zakir Həsənov Səfər Əbiyevin məsuliyyətinə birbaşa və dolayısı ilə işarə edir. Doğrudan da, Əbiyev dövründə zəhərlənmələr çox olub, elə vaxt olub 100 nəfərdən çox hərbi qulluqçu zəhərlənb. Bu mənada məncə, Zakir Həsənovun həmin fikri işlətməkdə məqsədi Səfir Əbiyevin dövründəki problemlərə işarə vurmaqdır. Nazir keyfiyyətsiz qidalardan, hərbi qulluqçuların sağlamığı problemlərindən danışmaqla 19 ilin boşuna getdiyini deyir və bu məntiq yaranır ki, güclü ordu haqqında bəyanatlar da sözdən başqa bir şey deyil. Güclü ordu olsaydı, bu fikirləri səsləndirməyə ehtiyac da olmazdı.

– Zakir Həsənovun müsahibəsi daha hansı suallar yaratdı ki, cavab tapmadınız?

– Əsas 3 aktual məqam var ki, Zakir Həsənov bunlara görə nazir təyin olunub. Məsələn, əsgər ölümləri. Təəssüf ki, Zakir Həsənov müsahibəsində bu məsələlərə toxunmadı. Yəni əsgər ölümlərinin sayı azaldılacaqmı, yoxsa…? Çünki cəmiyyəti daha çox narahat edən problem budur! İkinci məsələ korrupsiyadır, Zakir Həsənov bu barədə heç danışmayıb da. Üçüncü, orduda xidmət edən 100 minlik kontingenti narahat edən sosial problemlərdir. Zabitlərin məvacibləri artacaqmı? Bu 3 suala cavab yoxdursa, nazirin müsahibəsi “gözdən pərdə asmaq” üçündür. Ümumiyyətlə, nazirin müsahibəsində bəzi məqamların detallı şərhinə ehtiyac var.

– Məsələn, hansı məqamlar?

– Nazir elə tezislər səsləndirir ki, bu məsələlərin Səfər Əbiyevin dövründə həyata keçirilməməsi onun cinayət məsuliyyətinə cəlb olunmasına əsas yaradır. Məsələn, qida, yaxud ştat-strukturunun optimallaşdırılması, mülkü şəxslərin cəlb edilməsi və sairə problemlər təhlil olunmalıdır. Bilinməlidir ki, niyə bunlar Əbiyevin dövründə həllini tapmayıb? Yəni, hakimiyyət 19 ildə bu məsələləri niyə həyata keçirməyib? Çünki hərbi büdcə milyardlarla dollar artıb.

– 19 ildə nə qədər büdcə ayrılıb?

– Son 10 ildə hərbi büdcə kəskin artıb. Əvvəlki illərdə illik 250-300 milyon civarında büdcə olurdusa, 2013-cü ildən sonra milyardı keçdi, son 3-4 ildə ümumi müdafiə xərcləri 4 milyard həddindədir. Müdafiə Nazirliyinə isə 1,5 milyard manat büdcə ayrılır. Ortalama götürsək, 20 ildə orduya 20 milyarda yaxın vəsait ayrılıb.

– Bu vəsait səmərəli xərclənibmi?

– Bu suala iki istiqamətdə cavab vermək lazımdır, hər hansı NATO ölkəsində söhbət ordu quruculuğundan gedirsə, əvvəlcə, sosial rifah, şəxsi heyət məsələləri öndə olur. İkinci isə hərbi texnika gəlir. Amma Azərbaycanda hərbi büdcənin 75 faizi hərbi texnikaya və tikintilərə, 25 faizi isə sosial rifaha ayrılır. Bu, çox aşağı göstəricidir. Çünki sosial rifah göstəricisinə görə rəqəm minimum 40 faiz olmalıdır. Hesab edirəm ki, digər sektorla müqayisədə hərbçilərin məvacibləri çox aşağıdır. Ali Hərbi Məktəbi bitirən zabit arxa cəbhədə xidmət edirsə, 400 manat maaş alır, kirayə üçün aylıq 49 manat verilir. 400 manatın içində aylıq qidalanmaq üçün 66 manat ayrılır. Bunlar çox aşağı göstəricilərdir, 400 manat Bakı şəhərində hər hansı zabitin sosial rifahına uyğun deyil. Cəbhə xəttində maaş 600 manatdan başlasa da, onların da öz çətinlikləri var. Məsələn, zabitlərin əksəriyyəti məvaciblərinin 250 manatını taksilərə ödəyir. Halbuki, dövlət büdcəsindən onların hərəkəti üçün xərclər ayrılsa da, həmin vəsaitlər “yeyilir”. Bundan başqa, zabitlərin karyera imkanları məhdudlaşdırılıb, yəni tanışlıq, rüşvət rol oynayır.

– Söylədiklərinizdən belə çıxır ki, Respublika Hərbi Prokurorluğun üzərinə böyük məsuliyyət düşür?

– Bəli. Baxın, hakimiyyətin orduda hansısa dəyişikliyə nail olmaq istəyindən danışırıq, amma müdafiə naziri dəyişir, hərbi prokuror Xanlar Vəliyev isə vəzifəsində qalır. Təsəvvür edin, cənab Vəliyevin dövründə hansı işlərin qanunsuz olduğu haqda məlumatlar var. Məsələn, məhz Hərbi Prokurorluğun nümayəndələri zabitləri incidir, onlardan müəyyən miqdarda rüşvət alırlar. Belə olanda Xanlar Vəliyev necə toxunulmamış qala bilər? Bu günlərdə nazirliyin Şəmkir Korpusunun maliyyə idarəsinin sabiq rəisi Renat Yusufovdan müsahibə götürdüm, o, hansı hərbi hissələrdən nə qədər vəsaitin mənimsənilməsi haqqında konkret faktlar irəli sürürdü. Və Xanlar Vəliyevin də adı günahkar kimi hallanırdı. Bu barədə hərbi prokurora sorğu göndərsəm də, 2 aya yaxın zaman keçməsinə baxmayaraq, reaksiya yoxdur.

– Cəsur bəy, Azərbaycan ordusu ərazilərimizi işğal edən Ermənistan, Rusiya və Gürcüstanla müqayisədə hansı durumdadır? Söhbət büdcə ayırmaları və peşəkarlıqdan gedir…

– Qafqaz ölkələri ilə müqayisədə hərbi büdcəmiz müqayisə olunmazdır. Gürcüstanda müdafiə xərcləri 600-800 milyon dollar civarındadır, amma Azərbaycan Müdafiə Nazirliyinə 1,5 milyarddan çox büdcə ayrılır, Ermənistanda isə 400-450 milyon dollar. Bununla belə Gürcüstan ordusu çox öndədir, bu ölkənin ordu quruculuğu strategiyası var və 2017-ci ilin yanvarın 1-ə qədər müqavilə sisteminə keçəcəklər. Bu gün Gürcüstan ordusu 50 faiz müqaviləlidir, əsgərlərə də çox yüksək məvacib verilir.

– Əgər Azərbaycan hökuməti NATO ilə bağlı tədbir keçirirsə, müqavilə sisteminə keçməyə nə mane olur?

– Bununla bağlı siyasi qərar yoxdur. Çünki müqaviləli ordu insan haqlarını özündə birləşdirən ordudur, hər bir hərbçinin hüququ və dövlətin ona öhdəçiliyi olmalıdır. Bizim orduda isə birtərəfli öhdəçilik sistemi var, yəni hərbçinin var, dövlətin yox. Minlərlə zabitin mənzilsiz qalması bunun təzahürüdür.

– Zabitlərin mənzil probleminin həll olunmamasının səbəbini necə izah edərdiniz?

– Səfər Əbiyevin vaxtında paytaxtda sovet ordusundan qalma 50-60 minlik mənzil ehtiyatı vardı. Sabiq nazir həmin mənzillərin hamısını satdığı üçün mənzil fondu qalmadı. O cümlədən, hərbi hissələrin əraziləri satıldı. Daxili və sərhəd qoşunlarında mənzillər inşa olunsa da, Müdafiə Nazirliyi son illərdə bir yaşayış binası tikib.

– Yeni nazirdən bu istiqamətdə nələrsə gözləyirsinizmi?

– Bu məsələ ilə əlaqədar nazirlikdə və parlamentdə bir sıra şəxslərlə söhbətim olub. Bildiyimə görə, yaxın perspektivdə nazirliyin hərbçilərə olan bütün maliyyə borcları ödəniləcək. Söhbət nazirliyin hərbçilərə 1997-ci ildən qalan maliyyə borclarından gedir. 1997-2004-cü illərdə cəbhə xəttində xidmət edənlər 3 qat məvacib almalı olan hərbçilər 2 qat maaş alırmışlar. Bu, Səfər Əbiyevin qanunsuz əmriylə olub, təsəvvür edin ki, ortalıqda 100 minlərlə manat mənimsənilib və məhkəmə olayları var. Konkret, Yaşar Cəfərlinin şikayəti Avropa Məhkəməsində müsbət qərarla cavablandırılsa da, nazirlik yerinə yetirmir.

– Sonda Zakir Həsənovun müsahibəsində Silahlı Qüvvələrin İnkişaf Strategiyasının ilkin layihəsi də hazırlanması barədə fikirlərinə münasibətinizi bilmək istərdim. Bu barədə məlumatınız varmı?

– Detalları bəlli olmasa da, ümumilikdə xoş xəbərdir. Yəni hökumət ordunun inkişaf strategiyası haqqında düşünməyə başlayıb, biz bu məsələdə postsovet məkanında çox geri qalmışıq. Çünki Rusiyanın, Gürcüstanın, Ermənistanın və Ukraynanın da inkişaf strategiyası layihəsi var. Bu fakt göstərir ki, 23 ildə orduda başıpozuq şəkildə inkişaf prosesi gedib, məqsəd və hədəf isə bilinməyib. Səbəb də siyasi hakimiyyətin prioritetinin olmamasıdır. Bilmirlər, Rusiyaya, yoxsa Qərbə tərəf getsinlər, sonda Qoşulmayanlar  Hərəkatına qoşuldular. Təəssüf ki, hakimiyyətin bu gün də siyasi prioritetləri yoxdu.

http://www.meydan.tv/az/site/politics/2102/%E2%80%9CZakir-H%C9%99s%C9%99nov-S%C9%99f%C9%99r-%C6%8Fbiyevin-m%C9%99suliyy%C9%99tin%C9%99-i%C5%9Far%C9%99-vurur%E2%80%9D.htm