“Şəhid ailələrinə ödənilən müavinət 10 dəfə artırılmalıdır”

Cəsur Sümərinli: “İnsan həyatının 11 min manata sığorta olunması çox gülünc bir haldır”

Son günlər cəbhə xəttində atəşkəs rejimin pozulması və döyüş şəraitində 15 hərbçimizin şəhid olması, bir neçəsinin yaralanması hərbçi qulluqçuların sığortalanması məsələsini gündəmə gətirib.

 

Cəsur Sümərinli

Şəhid ailələrinə verilən 11 min manatlıq birdəfəlik müavinət hansı qanunvericiliklə tənzimlənir? Əsgərin hansı şəraitdə dünyasını dəyişməsi verilən müavinətin məbləğinə təsir edirmi? Hərbi qulluqçuların yaralanması hallarında verilən müavinət hansı qurum tərəfindən və necə tənzimlənir? Dünya təcrübəsində əsgərlərin sığortalanması necə reallaşır?

Musavat.com cəmiyyəti və xüsusən də şəhid ailələrini maraqlandıran bu suallara hərbi ekspert,  “Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli vasitəsilə aydınlıq gətirib.

Ekspert deyir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən, hər bir hərbi qulluqçu dövlət tərəfindən 110 manat ödənilməklə 11 min manat məbləğində sığorta edilir: “Həmin Qanunun 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortaçısı “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətidir və həmin şirkət hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirir. Qanuna əsasən, hansı şəraitdə dünyasını dəyişməsindən asılı olmayaraq, hər bir hərbi qulluqçuya görə ailəsinə 11 min manat ödənilir. Yaralanan hərbi qulluqçular isə sığorta ödənişini əlillik təyin olunduqdan və xəsarət dərəcəsi müəyyənləşdirdikdən sonra ala bilərlər. Yaralananlar birinci və ikinci dərəcəli olmasından asılı olaraq ümumi sığorta məbləğinin 40- 80 faizi qədər sığorta haqqı ilə təmin edilirlər”.

Ekspertin sözlərinə görə, hərbi qulluqçunun döyüş və ya qeyri-döyüş şəraitində olmasından asılı olmayaraq nəzərdə tutulan sığorta məbləği ödənilməlidir. Çünki, hər bir əsgər hərbi xidmətə başladığı gündən icbari qaydada sığorta olunur.

Dünyasını dəyişən hərbi qulluqçuların ailələrini narazı salan hallardan biri də şəhid adının verilməsi ilə bağlıdır. C. Sümərinli bu məsələdə hər zaman problem yaşandığını qeyd edərək bildirir ki, bu hərbi qanunvericilikdə  sovet standartından NATO standartlarına keçid məsələsidir: “NATO standartlarına görə, hərbi xidmət zamanı dünyasını dəyişən hər bir şəxsə, hətta intihar hallarında belə şəhid adı verilir. Onlar iddia edir ki, intihar halı da hərbi şəraitin çətinlikləri səbəbindən baş verib və ona şəhid statusu vermək vacibdir. Azərbaycan hərbi sistemində isə şəhid adı yalnız düşmənlə döyüş zamanı dünyasını dəyişən hərbi qulluqçulara verilir. Bu da övladını itirmiş bir çox hərbiçi ailələrinin haqlı narazılığına səbəb olur.

Əgər əsgər avtomobil qəzası zamanı dünyasını dəyişirsə, bu hərbi xidmət  zamanı olsa belə, ona şəhid statusu verilmir. Halbuki, əsgər xidməti vəzifəsini yerinə yetirərkən bu hadisə baş  verib. Həqiqətən, Azərbaycanda şəhidlik statusunun verilməsi ilə bağlı çox ciddi problemlər var ”.

Dünyasını dəyişən hərbi qulluqçulara görə verilən müavinətin məbləği haqqında isə təkcə onu demək kifayətdir ki, Türkiyədə hər bir şəhid ailəsinə 100 min dollardan artıq birdəfəlik müavinət ödənilir.

C. Sümərinli deyir ki, təkcə Türkiyədə deyil, əksər Avropa ölkələrində insan faktoruna çox önəm verilir: “Bu ölkələrdə hərbi qulluqçu dünyasını dəyişərkən onun ailəsinin qarşılaşdığı bütün problemlər dövlət tərəfindən həll olunur. Burada təkcə ödənilən sığortanın məbləğindən söhbət getmir. Onun övladlarının gələcək taleyi, 18 yaşına qədər himayə olunması, təhsili, tibbi xərcləri, istirahətinin təşkili və digər vəzifələr dövlətin üzərindədir. Əgər həmin şəxsin himayəsində yaşlı və ya xəstə valideyni varsa onlara yardım göstərilməsi və sair də dövlət tərəfindən həyata keçirilir ”.

C. Sümərinli Azərbaycanda şəhid ailələrinə verilən birdəfəlik müavinətin dünya praktikası ilə müqayisədə çox aşağı bir məbləğ olduğu qənaətindədir: “Həyatda ölümdən ağır heç nə yoxdur. Əgər insan vətən uğrunda öz həyatında keçibsə, dövlət bunu lazımınca qarşılamalıdır. 11 min manatla ailə başçısını itirən şəxslər üçün heç bir şey etmək mümkün deyil. Bu məbləğ nə ailənin sosial təminatı, nə evlə təmin olunması üçün yetərlidir. Çox cüzi bir məbləğdir”.

Ekspert hərbi qulluqçuların ölümünə görə verilən müavinətin artırılmasının vacibliyini vurğulayıb və bunun hərbi sektorun inkişafına tövhə verəcəyini bildirib: “Mən hesab edirəm ki, bu məbləğ ən azı 10 dəfə qaldırılmalıdır. Əgər hər bir əsgərə görə dövlət 100 – 110 min manat ödəməli olacaqsa, o zaman həm də məsuliyyət daşıyacaq ki, əsgər ölümləri azalsın. Çünki, bu dövlətə maddi baxımdan zərər vuran bir amil olacaq. Ancaq indiki halda ödənilən məbləğ çox cüzi olduğundan dövlət üçün elə də böyük çətinlik yaratmır. İnsan həyatının 11 min manata sığorta olunması çox gülünc bir haldır”.

Bundan əlavə, Azərbaycanda şəhid ailələrinin aldığı aylıq müavinət də onların sosial təminatı baxımından az bir məbləğ sayılır. Şəhid ailələrinin istər təhsil, istərsə də səhiyyə xərclərinin ödənilməsini tənzimləyən hər hansı qanun və başqa hüquqi akt yoxdur.

Ekspert də təsdiqləyir ki, mövcud qanunvericilikdə bu məsələ ilə bağlı ciddi boşluqlar var: “Təxminən 10 il öncə şəhid ailələri və müharibə veteranlarına verilən bütün güzəştlər  ləğv edilib. Əgər dövlət insanları vətənpərvərliyə, torpaq uğrunda döyüşə həvəsləndirməyə çalışırsa, bu imtiyazları bərpa etməli, NATO standartlarından, xüsusilə də Türkiyə təcrübəsindən faydalanmalıdır. İndiki şəraitdə isə istər hərbi qulluqçuların məvacibi, istər ölümündən sonra ailələrinə ödənilən müavinət, istərsə də ailələrinin gələcək taleyi çox baxımsız və çox aşağı səviyyədədir. Bütün bunlar Azərbaycanın milli maraqlarına cavab vermir”.

Nərgiz LİFTİYEVA

http://musavat.com/news/iqtisadiyyat/%C5%9E%C9%99hid-ail%C9%99l%C9%99rin%C9%99-%C3%B6d%C9%99nil%C9%99n-m%C3%BCavin%C9%99t-10-d%C9%99f%C9%99-art%C4%B1r%C4%B1lmal%C4%B1d%C4%B1r_208058.html