“Doktrina” JHAM Naxçıvanski liseyinə qəbul prosesində problemlər aşkarlayıb – MONİTORİNQ

Aprelin 28-də “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd verənlərin müayinəsi üzrə tibbi komissiyanın gedişinin monitorinqini keçirib. Bu barədə “Doktrina” JHAM direktoru Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, monitorinqin gedişində xeyli sayda neqativ hallar aşkarlanıb ki, Müdafiə Nazirliyinin rəhbərliyi təcili şəkildə onların həllinə çalışmalıdır. Eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aidiyyatı strukturları bu problemlərin həllinə maraq göstərməlidirlər ki, iyun ayında keçiriləcək test imtahanında savadlı məktəblilər kursant olmaq imkanı əldə etsinlər.

Monitorinqin gedişində ilkin olaraq aşağıdakı problemlər aşkarlanıb:

1)      Liseyin daxilində sənəd verənlər qarşısında bir sıra mübahisəli tələblər qoyulub. Misal üçün, sənəd verənlərin valideynlərindən və ya yaxınlarından tələb olunub ki, sənədləri yerləşdirmək üçün liseyin yeməkxanasında satılan adi kağız qovluq alsınlar. Qeyd edək ki, bu qovluqun qiyməti şəhərin dəftərxana mağazalarında 10-15 qəpikdir. Amma yeməkxanada bu qovluq 40 qəpiyə satılır. Liseyə minlərlə şəxsin sənəd verdiyi nəzərə alınsa, onda burada az olmayan məbləğdən söhbət gedər və bu vəsaitin sonda kimə çatdığı maraq doğurur. Bəzi məlumatlara görə, bu prosesdə lisey rəhbərliyinin marağı var.

2)      Sənəd verənləri müşayiət edən şəxslərlə kobud davranış müşahidə olunub. Belə ki, Liseyin giriş qapısında xidmət keçən çavuş və gizirlərin əlllərində siqaret tez-tez valideynlərə “buranı boşaldın”, “kənara çəkilin” kimi tonu etik olmayan əmrlər verməsi, onları saatlarla (bəzən 6-7 saat) giriş qapısının bayırında ayaq üstə gözlətmələri müşahidə olunub. Ölkənin müxtəlif rayonlarından gəlmiş valideynlərin rahatlığı üçün heç bir şərait yoxdur, adi oturacağa belə rast gəlinmir.

3)      Giriş qapısında olan valideynlərin suallarına konkret və düzgün cavab verən şəxs yoxdur. Çox zaman valideynlər suallarını kimə ünvanlayacaqlarını bilmirlər.

4)      Tibbi komisiyadan uğurla keçənlərə elektron ərizənin doldurulması tapşırığı verilir və bunun üçün məktəblilər giriş qapısından bayırda olan kiçik obyektə göndərilirlər. Burada isə elektron ərizənin doldurulması 4 manata (?!) başa gəlir.

Valideynləri narahat edən məsələlərdən biri ikiqat tibbi müayinənin olması ilə bağlıdır. Belə ki, yaşadıqları ərazidə tibbi müayinədən keçən şəxslər sonradan liseydə yaradılmış tibbi komissiyadan keçməlidirlər və bir çox hallarda uyğunsuzluqlar yaranır. Bir sıra hallarda liseydəki tibbi komisiyanın təmsilçiləri sənəd verənləri Zığ Sağlamlıq Mərkəzinə göndərirlər ki bu və digər müayinə sənədlərini gətirsinlər. Zığ Sağlamlıq Mərkəzindəki həkimlər həmin şəxslərə bildirirlər ki, onlar həmin şəxsləri müayinə edə bilməzlər, çünki həmin şəxslərin qeydiyyat ünvanları fərqlidir. Amma bununla belə həmin mərkəzdə müəyyən qeyri-rəsmi ödənişlər hesabına vətəndaşlara arayışlar verilir. Valideynlərdə şübhə var ki, Liseydəki tibbi komisiya ilə Zığ Sağlamlıq Mərkəzi əlbir işləyir və bir çox hallarda komissiyadakı həkimlər qəsdən gəncləri oraya göndərirlər ki, “pul xərclənsin”.

Komissiya prosesində olan məktəblilər saatlarla soyunmuş formada mərmər döşəmənin üstündə dayanmağa məcbur edilirlər. Bu da onların sağlamlığına mənfi təsir edir. Eyni zamanda saatlarla liseyin ərazisində olan məktəblilər ac qalmaq zorundadırlar, onlara qidalanmaq üçün şərait yaradılmır.

Müşahidə olunan əsas problemlər

“Doktrina” JHAM mərkəzi nümayəndələrinin lisey ətrafına toplanmış valideynlər və digər şəxslərlə söhbətləri qəbul prosesində bir sıra neqativ halların olması ilə bağlı məlumatları ortaya çıxarıb. Bildirilən məlumatlara görə, bir çox valideynlər liseydəki zabitlər, eyni zamanda tibb komissiyanın üzvləri ilə əlaqələr quraraq övladlarının liseydəki tibb komissiyasından uğurla keçməsini əvvəlcədən təmin edirlər. Buna 200-300 manat xərcləndiyi kimi çoxlu söz-söhbətlər mövcuddur.

Digər məsələ liseyə qəbul prosesində kənar şəxslərin, hətta taksi sürücülərinin “dəllalıq” etməsi ilə bağlı məlumatlardır. “Doktrina” JHAM-ın monitorinq qrupu bu məsələ ilə bağlı bir sıra şəxslərlə söhbətlər aparıb. Bəzilərinin dediyi məlumatlara görə, təxminən 250-350 manat verməklə onlar tibbi komissiyadan uğurla keçidi təmin edə bilərlər. Bildirilib ki, tibbi komisiyadan iki üsulla keçid mümkündür: birincisi, komissiyaya daxil olan zabitlərlə iş görmək, ikincisi, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası vasitəsilə. Onların sözlərinə görə, əgər liseydə bu və digər müayinənin nəticələri qənaətbəxş deyilsə (yəni ki, əvvəlcədən danışılmamış “iş” olduqda) onda bu problemi Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında həll etmək olar. Belə olduqda isə müayinənin “qiyməti” artır.

“Doktrina” JHAM direktoru Cəsur Sümərinli bu şayiələrə və bir sıra digər məsələlərə aydınlıq gətirmək üçün liseydəki tibbi komisiyanın baş həkimi polkovnik-leytenant Sülhəddin Quliyevlə görüşüb. Mövcud problemlər onun nəzərinə çatdırılıb. Problemlərdən biri də tibbi komissiyanın gedişində vətəndaşlara əvvəlcədən bəlli olmayan bir sıra prosedurların aparılmasıdır. Misal üçün, gözlərin rəngləri seçməsi ilə bağlı müayinənin nəticələri bir çoxlarında narazılıq doğurub. Belə ki, belə bir müayinə aparılacağı barədə məlumat verilsəydi, uyğunsuz olanlar (xüsusilə də ucqar rayon sakinləri) xərc çəkib Bakıya gəlməzdilər. S.Quliyev bunu komissiyanın daxili işi adlandırıb. Eyni zamanda “Doktrina” JHAM-ın müşahidələrinə görə, gözlərin rəngi necə seçməsini aydınlaşdırmaq üçün istifadə olunan kitab rus dilindədir və çox böyük ehtimalla Rusiya Silahlı Qüvvələri üçün nəzərdə tutulub.

S.Quliyev qaldırılan problemlərlə bağlı Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına, komissiyanın nümayəndəsi Azad həkimə müraciət etməyi məsləhət görüb.

Daha sonra C.Sümərinli Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına baş çəkib. Komissiyanın rəisi polkovnik-leytenant Elxan İbrahimov məzuniyyətdə olduğundan onu polkovnik-leytenant Azad (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs əvəz edib. C.Sümərinli problemləri onun diqqətinə çatdırıb. Daha sonra “Doktrina” JHAM sədri rəis Elxan İbrahimovun adına şikayət məktubu yazıb və onu həmin Azad adlı şəxsə təqdim edib.

Nəticələr

“Doktrina” JHAM hesab edir ki, müşahidələrə əsasən C.Naxçıvanski adına hərbi liseyə qəbul prosesinin bu şəkildə aparılması Azərbaycan Silahlı Qüvvələri üçün savadlı, bacarıqlı kadrların hazırlanması siyasətinə ziddidr və ümumilikdə qeyd edilən hallar Azərbaycan Milli Təhlükəsizlik maraqlarına zərbə vurur.

C.Sümərinli Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının sədrinə göndərdiyi məktubunda qeyd edilən halların araşdırılması ilə bağlı göstəriş verilməsini, görüləcək tədbirlərin nəticələri barədə cəmiyyətin məlıumatlandırılmasını xahiş edib. Eyni zamanda C.Sümərinli hesab edir ki, bu şəkildə tibbi komisyanın keçirilməsi yolverilməzdir və proses yenidən, media və QHT nümayəndələrinin iştirakı ilə keçirilməlidir. Onun fikrincə, qapalılıq bu mötəbər hərbi təhsil ocağına qəbulda ciddi problemlərə yol açır və bu da sonradan ordudakı problemlərin artmasında özünü göstərəcək.

“Doktrina” JHAM İnformasiya Departamenti